Travma ilə bağlı fərdi hekayə: Müharibə qadını

Bu seriyada 2020-ci ildə 44 günlük Dağlıq Qarabağ müharibəsindən sonra yaranan sosial travma fenomeni ermənilərin və azərbaycanlıların fərdi hekayələri vasitəsilə öyrənilir, bu travmanın necə təzahür etdiyi və davam edən münaqişənin dinamikasında hansı rolu oynadığı araşdırılır. Bu hekayə hər müharibə zamanı bunun müvəqqəti olduğunu ehtimal edərək öz evini tərk etmək məcburiyyətində qalan bir qadın və onun ailəsi haqqındadır. 

2020-ci ilin sentyabrında Qarabağın intensiv şəkildə atəşə tutulması başlanan kimi, nəvəsinə travma yaşatmamaq üçün onun əşyalarını bir çantaya yığaraq, evini və digər ailə üzvlərini tərk edərək, eskalasiyanın bitməsini gözləmək üçün Yerevana köçdü. 

O, Sovet Azərbaycanının əhali sıxlığına görə ikinci böyük şəhəri olan Gəncədə erməni musiqiçinin ailəsində doğulub boya-başa çatıb. O xatırlayır ki, azərbaycanlılar onun atasına ehtiramla müraciət edər, onu Ustad adlandırardılar. O, gənclik illərində atasının izi ilə getməyə qərar verdi. Azərbaycanda rəhbər vəzifələri azərbaycanlıların tutduğuna, onların müavinlərinin isə bütün işləri görən ermənilərin olduğuna inansa da, Rusiyada təhsilini tamamladıqdan sonra öz doğma şəhərinə qayıtdı və mədəniyyət sahəsində arzuladığı vəzifəyə sahib oldu. 

SSRİ-nin dağılması onun heç yuxusuna da girməzdi və həyatı sevinc və perspektivlərlə dolu idi. Ancaq o, həyəcan siqnallarını hiss etməyə başladı. Əgər əvvəllər üzərində özünə heyran, onun coşğunluğunu, gəncliyini alqışlayan baxışları hiss edirdisə, artıq tədricən yoldan keçənlər tutqun və hətta bir az şübhəli baxışlarla baxırdılar, sanki o, nədəsə təqsirkardır və insanlar səylə bütün günahı onda axtarırdılar.  

Yaxın vaxtlaradək onu ən çox xarakterizə edən xüsusiyyətlər – ruh yüksəkliyi, nikbinlik, mehribanlıq, istedad getdikcə yoxa çıxmağa başladı, ictimai qavrayışda isə onun kimliyinin yalnız bir hissəsi – erməni olması güclənməyə başladı. O deyir ki, avtobusda ona tuşlanan diqqətli baxışlardan nəfəsi kəsilirdi, o düşünürdü ki, ətrafda hamı onun erməni olduğunu təxmin edir. 

1988-ci ilin noyabrında milisdə işləyən gənc və yaraşıqlı qonşu qapılarını döydü. Atasına müraciət edərək sakitcə dedi ki, bunu etdiyinə görə utanc və kədər hiss edir, amma xəbərdarlıq etməyi özünə borc bilir. Sabah ermənilərə qarşı iğtişaşlar və etirazlar gözlənilir, milisə isə müdaxilə etməyi qadağan ediblər. O, məsləhət gördü ki, iğtişaşların bitməsini gözləmək üçün müvəqqəti olaraq buradan getsinlər. 

Atası dərhal yığışmalarını tapşırdı. Çaxnaşmanın olmadığını, insanların toplanmasının eynilə ötən ilin sentyabrındakı kimi olduğunu xatırlayır – hər şey sakitləşənə qədər gözləmək üçün gedib, sonra da qayıtmaq. 

Noyabr ayı idi, isti geyimlərini və sənədlərini götürdülər. Atasının tüfəngi var idi, onu anbardan çıxarıb köhnə paltosuna bükdü və onun kimi də köhnə maşınının yük yerinə qoydu. Ailə üzvləri maşına əyləşib yola düşəndə beşinci mərtəbədən bir qadın daş atdı və daş maşının kapotunu deşdi.

Yol boyunca onlar erməni evlərinin necə darmadağın edildiyini, əmlaklarının dağıdıldığını, aqressiv əhval-ruhiyyəli kütlənin ermənilərin ünvanına hədə-qorxular səsləndirdiyini görürdülər. Onda o vaxta qədər heç vaxt hiss etmədiyi və hətta bir insanın hiss edə biləcəyini təxmin edə bilmədiyi dəhşətli qorxu hiss etdi. Milislər onları saxlayıb hara getdiklərini soruşdular. Atası Qarabağa qohum-əqrəbalarının yanına getdiklərini dedi və onları hətta baqajı belə yoxlamadan buraxdılar. 

Bundan əvvəl o, nə Qarabağda, nə də Ermənistanın özündə olmamışdı, amma ora çatan kimi özünü tam təhlükəsizlikdə hiss etdi. Onun sözlərinə görə, ətrafında hər kəs onun kimi idi və bu, azadlıq və müdafiə hissi verirdi. Görünür, onun kimliyinin Gəncədə yaşadığı vaxtlarda o qədər də güclü inkişaf etməyən, amma onu təhlükə altında qoyan bir hissəsi — etnik mənsubiyyəti bu yeni kontekstdə onun üçün müdafiə təmin etmişdi. Yeni kontekstdə müdafiə mexanizmi kimi, kimliyin məhz bu hissəsinin sürətlə formalaşması baş verirdi. 

Vəziyyətin sakitləşməsini gözləmək üçün gələn ailələrin sayı artırdı, münaqişə ciddiləşirdi və bir aydan sonra məlum oldu ki, onlar orada həmişəlik qalacaqlar. 

Atam musiqi alətlərinin və kitablarının hamısının Gəncədə qalmasına görə əzab çəkirdi. O vaxt hələ mövcud olan SSRİ hərbçiləri öz evlərini tərk edənlərin əmlaklarını çıxarması üçün mühafizə olunan kolonnalar təşkil edirdilər. Ailə qiymətli musiqi alətlərini və əmlakının bir hissəsini xilas etmək üçün bundan istifadə etmək qərarına gəldi. 

Onlar oraya dekabr ayında Spitakda baş verən zəlzələdən sonra getdilər. Kolonnalar azərbaycanlı kəndlərindən keçərkən küçələrdəki qadınlar teatr jestləri ilə yuxarını göstərir, ermənilərin öz cəzalarını çəkdiklərinə görə səmaya baxaraq şükür şüarları səsləndirirdilər. 

Onlar evlərini salamat görəcəklərini gözləmirdilər, amma gözlədiklərinin əksinə, o, bütöv qalmış və zərər görməmişdi. Üstəlik, qapılarını açanda onların masası ətrafında çoxuşaqlı azərbaycanlı ailənin əyləşdiyini, analarının ancaq bayramlarda və ya mötəbər qonaqların gəlişi münasibətlə çıxarmağa icazə verdiyi zərif, əl işi olan çay servizindən çay içdiklərini gördülər. 

Ermənistandan qaçqın düşərək gəlib bu evi tutan azərbaycanlı ailə artıq özlərininki hesab etdikləri bu əmlakı yenidən itirməmək üçün var-güclə müqavimət göstərirdi. Ancaq qonşular müdaxilə etdilər və onların dəstəyi sayəsində musiqi alətlərini və ailə fotoşəkillərini götürə bildilər. Çay servizi masanın üstündə qaldı. 

Tezliklə o, ailəsi Bakıdan qaçmış və üzbəüz yataqxanada yaşayan bir oğlanla ailə qurdu. Onların bir qızı oldu. Oğlan Qarabağda vuruşaraq həlak oldu. Yaşadıqları yataqxananı bombalayaraq dağıtdılar, qayınanası isə ağır yaralandı. Şuşa işğal olunanda isə qaynanası onu yenidoğulmuş qızı ilə birlikdə azərbaycanlı ailənin dağılmış və viran qalmış mənzilinə gətirdi. Orada heç qapı və pəncərə də yox idi.

Amma onlar oranı səliqəyə saldılar və öz evləri etdilər.

Bu gün o da, uzun illər əvvəl atası kimi, orada öz musiqi alətlərini, fotoşəkillərini qoyduğuna görə əzab çəkir və onları özü ilə götürmədiyinə görə təəssüflənir. O deyir ki, yaddaşı çox zəifləyib –uzaq keçmişi xatırlayır, ancaq bəstələdiyi erməni mahnılarının melodiyalarını və sözlərini xatırlaya bilmir. 

Bəlkə də ona müdafiə hissi verən və bu qədər intensiv şəkildə inkişaf etdirdiyi milli kimliyinin bu böyük hissəsi bu gün bu funksiyanı yerinə yetirməyi dayandırmış və yaddaşın özü bu melodiyaları öz passiv arxivinə yerləşdirmişdir.

O, Şuşada həyatının böyük bir hissəsini, valideynlərinin və ərinin məzarlarını qoyub gəlib və bu gün azərbaycanlıların bu məzarlarla necə rəftar edəcəyini bilmir. Onun sakitliyi da orada qalıb — bir vaxtlar, gənclik illərində qırğınların şahidi olduğu an hiss etdiyi qorxu ona qayıdıb. 

O, az yatır və çox düşünür, keçmiş və gələcək haqqında düşüncələrə dalır. O, həyatının münaqişə və onun xarabalıqları üzərində qurulduğunu və sonsuz münaqişələr dövrünün onun taleyinə necə hakim olduğunu dərk edir. 

Nəvəsinin də eyni taleyi yaşamamasına çalışır. Azərbaycanlılara qarşı nifrət bəsləmir, hətta onların dilini də bir qədər xatırlayır. Onlarla görüşməyə və nəvəsinin gələcəyi, başqa uşaqların da onun yaşadıqlarını yaşamamasının yolları barədə danışmağa hazırdır. 

O, təkrar qeyd edir ki, bütün ailə nəvəsini bu travmadan qorumağa çalışsa da, bunu bacarmayıb. 

Müharibəni görmədən və bunun nə olduğunu anlamadan, 3 yaşlı bu körpə artıq onun bütün yükünü öz çiyinlərinə götürüb. O, artıq rahat yata bilmir, gecələr tez-tez oyanır və bəzən heç də uşaqsayağı olmayan cavabsız suallar verir. 

Bu məqalələr Avropa İttifaqının maliyyə dəstəyi ilə “Indie Peace” tərəfindən həyata keçirilən “Kollektiv travmanın aradan qaldırılması” təşəbbüsü çərçivəsində dərc edilir. Məqalədə ifadə olunan fikirlərə görə müstəsna məsuliyyəti “Indie Peace” daşıyır və məqalə mütləq şəkildə Avropa İttifaqının fikirlərini əks etdirmir. İstifadə olunan toponimlər tərcümə dilini əsk etdirir