İkinci Qarabağ müharibəsindən sonra kollektiv/sosial travma ilə bağlı fərdi hekayələr (Giriş)

autumn leaves

Bu seriyada 2020-ci ildə 44 günlük Dağlıq Qarabağ müharibəsindən sonra yaranan sosial travma fenomeni ermənilərin və azərbaycanlıların fərdi hekayələri vasitəsilə öyrənilir, bu travmanın necə təzahür etdiyi və davam edən münaqişənin dinamikasında hansı rolu oynadığı araşdırılır.

Müharibə hamımızı öldürməsə də, hamımıza travma yaşadır.

Bu həm fərdi, həm də cəmiyyətlər səviyyəsində baş verir. Ancaq travma fenomeni travma yaradan hadisələr zamanı və onlardan sonra biz insanların və cəmiyyətlərin necə fəaliyyət göstərməsi nə birbaşa olaraq bunu yaşamış insanlar tərəfindən, nə də postmüharibə reabilitasiyası sahəsində işləyənlər tərəfindən ciddi qəbul olunmur. Bu gözardı etmə faktının özünü travmanın təzahürünə və onunla təmas edən hər kəsə təsirinə aid etmək olar.

Şəxsiyyət səviyyəsində travma kifayət qədər öyrənilmiş və psixoterapevtik arsenalda onunla işlənməsi üçün çoxlu təcrübə və metodlar araşdırılmış olsa da, ictimai travma gözardı edilir. Beynəlxalq humanitar və sülhməramlı cəmiyyətin diqqəti daha çox humanitar və siyasi aspektlərə yönəlir. Bu zaman insan amilinin özü, habelə insanların və bütövlükdə cəmiyyətlərin bu cür travma yaradan hadisələrdən sonra necə dəyişdikləri və bununla əlaqədar olaraq onların ehtiyaclarının da necə dəyişə biləcəyi diqqətdən kənarda qalır.

2021-ci ilin aprel-iyul aylarını əhatə edən 3 aylıq dövr ərzində müsahibə aldığım ayrı-ayrı insanların, ailələrin və Qarabağ münaqişəsi tərəflərinin nümayəndələrinin danışdıqları hekayələrin nümunəsi əsasında hazırladığım bu bloq silsiləsində travmanın işləmə və ötürülmə mexanizmini təsvir etməyə, müharibə travmasının bəzi göstəricilərini və xüsusiyyətlərini — travmanın həm şəxsiyyət səviyyəsində, həm də ictimai səviyyədə necə təzahür etdiyini, hətta müharibənin dəhşətlərini birbaşa hiss etməyənlərə, yəni “ilkin travma qrupu” adlandırılan qrupa aid edilməyənlərə belə, necə dərindən təsir edə biləcəyini göstərməyə çalışdım. Misal üçün, özlərini müharibə qurbanları ilə sıx emosional tellərlə bağlayan və travma yaradan hadisələrin inkişafının fəal müşahidəçiləri olan insanlar, məsələn, ilk yardım göstərən insanlar, jurnalistlər və hətta hərbi əməliyyatlar yerindən uzaqda olanlar da baş verənlərin ciddiliyi və həyata təsiri baxımından ilkin travma qrupu ilə müqayisə oluna bilən ikincili travma ala bilərlər.

Travma davranış modellərinə təsir vasitəsilə təkcə həyatımızı deyil, həm də nəsillərin həyatını, bütün ictimai inkişaf dinamikasını dəyişə bilər. Bu travmanı bir dəfə alan və aradan qaldırmayan insanlar onu ailə arasında və digər narrativlər vasitəsilə ötürərək, onu ictimai travmaya çevirirlər. “Dolayı/nəsillərarası travma” adlandırılan bu travmanın təsiri o qədər ağır ola bilər ki, bu da münaqişə kontekstinin bütün dinamikasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Ancaq bu həssas və çoxları üçün kifayət qədər tanış olmayan mövzu haqqında söhbət açmazdan əvvəl, etiraf etmək lazımdır ki, travma bizim psixikamızın, bütün orqanizmimizin, eləcə də cəmiyyətlərimizin anormal vəziyyətə normal reaksiyasıdır. Travmanı daxili özünüidarəetmə mexanizmlərimizin təhlükəsizlik hissimizi sarsıdan və bizi yenidən təhlükəsizlikdə hiss etmək üçün başqa bir reallıq axtarışı vəziyyətinə gətirən, travma yaradan hadisələrə emosional reaksiyası kimi xarakterizə etmək olar. İnsanların və cəmiyyətlərin əksəriyyəti travma yaradan təcrübələrdən keçərək, normal fəaliyyətə qayıdır və hətta bu təcrübədən böyümələri və inkişaf etmələri üçün istifadə edirlər. Lakin müdafiə axtarışı əhval-ruhiyyəsi uzun müddət davam etməyə və həm fərdi, həm də ictimai səviyyədə davranış normasına çevrilməyə meyillidir və təhlükə artıq arxada qaldıqda belə, eyni rejimdə fəaliyyət göstərməyə davam edir.

Müharibə kimi travma yaradan bir təcrübə bizim inandığımız çox şeyi məhv edir, qavrayış səviyyəmizdə yaratdığımız və uşaqlıqdan formalaşan və bizə mənsubiyyət, müdafiə, yaşaya, inkişaf edə və gələcəyimizi görə biləcəyimiz sosial məkan hissi verən təhlükəsizlik sistemini sarsıdır. Bu sistem doğulduğumuz yer, ev, valideynlər, ailə, məktəb, dostlar, iş, milli mənsubiyyət, ölkə və s. kimi bir çox komponentlərin qarşılıqlı əlaqələri üzərində qurulur.

Sistemdə nasazlıq baş verdikdə və bu sosial mexanizm artıq müdafiə hissimizi təmin etmədikdə, dərhal yenisinin axtarılması prosesi başlayır. İnsanlar və cəmiyyət olaraq, bizə təhlükəsizlik hissi verən, inanılmaz dərəcədə dəyişkən uyğunlaşma mexanizmlərinə malikik. Bəzən hətta təhlükəsizliyin uzun müddət olmaması şəraitində yaşayarkən belə, bu şəraiti özümüzə uyğunlaşdırırıq və çox vaxt həll edilməmiş və “hər an partlamağa hazır” münaqişələr şəraitində həyatı yaxud da, məsələn, avtoritarizmi həyat və inkişaf üçün təhlükəsiz və rahat məkan kimi təfsir edirik.

İctimai travmanın Qarabağ münaqişəsinin kontekstinə təsirini dərk etdikcə, insanların öz fikirlərini, hisslərini açıq şəkildə necə bölüşdüklərini dinlədikcə aydın olur ki, cəmiyyətlər yenidən onlara təhlükəsizlik hissi verəcək sosial sistemin yeni modelinin axtarışındadır.

Ancaq müdafiə əsas hərəkətverici qüvvə olaraq qaldıqda bu axtarış tamamilə gözlənilməz formalar ala bilər. Hər kəsin, yumşaq desək, hərbi eskalasiyanın qaçılmaz olduğuna dair narahatlıqlarını ifadə etdiyi bir şəraitdə isə bu, məsələn, vərdiş etdiyimiz və təhlükəsiz şəraitdə qalmaq imkanlarının axtarışına, yaxud da öyrənilmiş dərsləri nəzərə alaraq, hadisələri başqa cür təkrarlamaq üçün keçmişə qayıdışa çevrilə bilər. Bu variantların ikisini də reallığın inkar edilməsi kimi şərh etmək olar.

Qorxu və qeyri-müəyyənlik hissi müdafiə axtarışını, möhkəm tellərlə bağlanmış və qapalı qrupların yaradılmasını diktə edir ki, burada da bir-birinə dəstək səviyyəsi həddindən artıq yüksəkdir, hətta silahdaşların əvvəlki ciddi fikir ayrılıqları da artıq heç bir rol oynamır.

Bu vəziyyətdə təşviş səviyyəsi yüksək olaraq qalır, qorxu siqnalları hər yerdən, o cümlədən daxildən kifayət qədər sıx tellərlə bağlı olan cəmiyyətdən də gələ bilər ki, bu da daxili düşmənlərin axtarışı və tapılması ilə nəticələnir. Bu tendensiya artıq xarici düşmənlərə çıxış imkanının olmadığı hallarda xüsusilə güclənir. Təhlükəsizlik, ətraf aləmə inam hissinin itirilməsi ümumi şübhələrə səbəb olur ki, bu da özlüyündə kifayət qədər kədərli bir haldır və bundan qurtuluş kimi insanlardan uzaqlaşmaq, bəzən hətta özünütəcrid ehtiyacına çevrilə bilər; bu zaman xarici aləmə qarşı inamsızlıq hissini qoruyub saxlamaq və təhlükə mənbələrindən uzaqda olmaq qərarından həzz almaq olar.

Travma ilə bağlı məlumatlılığımızı artıraraq, onu tanımağı və reaksiya verməyi öyrənərək, travmanın həm özümüz üçün, həm də ayrı-ayrı şəxslər, qruplar, icmalar, bütün millət üçün səbəb olduğu nəticələri dərk edə bilər, habelə onun daşıdığı riskləri başa düşə, mümkün ictimai tendensiyaları, hadisələrin gedişatını təxmin edə bilərik. Məsələn, sağalmamış travmalar hətta uzun illərdən sonra da yenidən oyanmaq xüsusiyyətinə malikdirlər və bizi və cəmiyyətlərimizi travma yaradan təcrübələrin yaşandığı vəziyyətə qaytara bilərlər. Məsələn, müsahibə aldığım insanların çoxu 2020-ci ilin payızında Qarabağ kontekstində baş verən hərbi hadisələr zamanı elə emosional vəziyyətə düşmüşdülər ki, sanki onilliklər əvvəl baş vermiş faciələr dünən baş vermişdi.

Postmüharibə cəmiyyətləri ilə işdə travmanın, qalib və ya məğlub statusundan asılı olmayaraq bütün cəmiyyətlər tərəfindən qavranılmasına və təfsirinə təsiri nəzərə alınmalıdır. Posttravmatik vəziyyət münaqişənin dinamikasının necə inkişaf edəcəyinə, ədalət axtarışı prosesinin necə olacağına və bu prosesdə kimlərin iştirak edəcəyinə təsir göstərir.

Travmanın təsirinin dərk edilməsi və münaqişə kontekstində onun rolunun qəbul edilməsi həm şəxsiyyət səviyyəsində, həm də cəmiyyətlərin reabilitasiyası səviyyəsində travmanın sağalması yollarının tapılmasında, həm də münaqişələrin sülh yolu ilə həlli yollarının axtarılmasında mühüm mexanizmə çevrilə bilər.

Bu məqalələr Avropa İttifaqının maliyyə dəstəyi ilə “Indie Peace” tərəfindən həyata keçirilən “Kollektiv travmanın aradan qaldırılması” təşəbbüsü çərçivəsində dərc edilir. Məqalədə ifadə olunan fikirlərə görə müstəsna məsuliyyəti “Indie Peace” daşıyır və məqalə mütləq şəkildə Avropa İttifaqının fikirlərini əks etdirmir. İstifadə olunan toponimlər tərcümə dilini əsk etdirir.