Zorakılığı normallaşdırmış dünyanın təcili şəfalanmağa ehtiyacı var

Kollektiv və fərdi travmalarımızı qəbul edib şəfalanmasaq, dünyada zorakılıqlar davam edəcək.

“Qadın zorakılıqda qalır, çünki o mühitdə yaşamaq onun xoşuna gəlir”, “Asılılıq bir seçimdir”, “O sadəcə tənbəldir, ona görə də aylarla evdən çıxmır və həyatında heç nəyi dəyişdirmir”.

Neçə dəfə ətrafımızdakı insanların bu növ cümlələr işlətdiyinin şahidi olmuşuq? Bəs özümüz buna bənzər cümlələri nə qədər istifadə etmişik? Bu cümlələrdə insanlara qarşı empatiya və mərhəmət hissi yoxdur. Həmçinin, bu cümlələr travma haqqında tam məlumatsızlıqdan irəli gəlir.

Travma nədir?

Bəzən stresli bir hadisəyə travma desək də, bu doğru deyil. Travma hadisənin özü deyildir. Travma stresli hadisəyə (və ya hadisələrə) bədənimizin və zehnimizin verdiyi reaksiyadır. İnsanın başına gələn stresli hadisəni qavramağa, həzm etməyə və ona cavab verməyə lazımi daxili və xarici resursları yoxdursa, onun bədəni sağ qalmaq mexanizmini işə salır. Bu mexanizmdə heç bir səhv və ya anormallıq yoxdur. Bu çətin təcrübələrdən keçən insan bədəninin təbii sağ qalmaq bacarığıdır. Lakin şəfalanmasaq, travmaya səbəb olmuş hadisə(lər) bitdikdən sonra da bədənimiz sağ qalmaq mexanizmində yaşamağa davam edəcək və bu həyatımızın bütün hissələrində özünü göstərəcək: məsələn, dünya haqqında təsəvvürümüz təhrif olunduğu üçün ‘qəddar olmaq insan təbiətidir’ deyə inanacayıq; gündəlik davranışlarımız disfunksional olacaq, məsələn duyğularımızı basdıracayıq və ya əksinə tez-tez duyğu partlamaları yaşayacayıq; bəzilərimiz qeyri-sağlam müdafiə mexanizmləri yaradacayıq, məsələn narkotik maddə və ya spirtli içki asılılığımız olacaq; bəzilərimizdə sosial olaraq qəbul edildiyi üçün asılılıq olduğu anlaşılmayan davranışlar, məsələn yeməkdən, işdən və ya sosial mediadan asılılıq olacaq; münasibətlərimiz qeyri-sağlam olacaq, məsələn qarşılıqlı-asılı1 və ya əks-asılı2 münasibətdə ola bilərik, və ya zorakılıq edə bilərik və s.

Travma birdəfəlik və ya kompleks ola bilər. Birdəfəlik travma avtomobil qəzası kimi bir dəfə baş vermiş hadisədən yaranır. Kompleks travma isə məişət zorakılığı kimi uzun müddət davam edən xroniki stress nəticəsində yaranır. Travma həmçinin fərdi, nəsildən-nəslə ötürülən və kollektiv ola bilər.

Kollektiv travma bütöv cəmiyyətlərə, ölkələrə və ya hər hansı sosial, mədəni, dini, siyasi, iqtisadi və s. əlamətlərə sahib böyük insan qruplarına (məsələn qadınlar, LGBTKİA+ icması, ağ olmayan irqə aid insanlar, müsəlmanlar, yoxsulluqdan əziyyət çəkən insanlar və s.) təsir edən hadisələrdən yaranan travmadır.

Kollektiv travma müstəmləkəçilik, irqçilik, patriarxat, totalitarizm, müharibələr, iqtisadi böhranlar, təbii fəlakətlər və s. kimi kollektiv stress və ya kollektiv zorakılıq nəticəsində baş verə bilər. Təkcə son bir neçə əsrin tarixi insanlığın qlobal olaraq necə travmalı olduğunu göstərir. Cari davranış və qərarlarımız isə dünya olaraq hələ də sağalmadığımızı göstərir.3

Kollektiv travmalar gündəlik davranışlarımızda özünü necə göstərir?

İnsanın bədəni və zehni bir orqanizmdir və travmalı bədənlər aldıqları travmaları təkrar edib zorakılığı nəsildən-nəslə ötürürlər.

Atasının anasına zorakılıq etdiyinin şahidi olan oğlan uşağı, böyük ehtimal, bu zorakı davranışı gələcək partnyorları ilə təkrar edəcək. Zorakı patriarxal ailədə böyümüş qız uşağı gələcəkdə zorakı partnyorunu tərk etməkdə çətinlik çəkəcək. Bunun sosial-mədəni gözləntilər və maddi məhdudiyyətlər kimi bir sıra səbəbləri olsa da, burada qadının kompleks travmalı olmasının da böyük rolu olacaq. Bir sözlə, qadının zorakılıqda qalmağa davam etməsinin səbəbi onun ‘nə olursa olsun xoşbəxt olması’ və ya ‘öz həyatına görə məsuliyyət götürmək istəməməsi’ deyil. Qadın zorakı mühitdə qalır, çünki qorxur və bədəni xroniki olaraq stress içindədir. Zorakılığı qəbul edib yaşamağa davam etmək onun bədəninin bu qədər stresə dözə bilmək üçün yaratdığı müdafiə mexanizmidir.

Bəzən travmalı insanlar travmalı bədəndə yaşaya bilmək üçün hissiyatsızlaşırlar, yəni bədənin hissiyat və duyğularla əlaqəsi kəsilir. Bu da müdafiə mexanizmidir. Təəssüf ki, öz ağrısına hissiyatsızlaşan insan başqa insanların ağrısını da artıq hiss etmir və (şəfalanmasa) dünyada baş verən zorakılıqlara da biganə olmağa başlayır.

Biz kollektiv olaraq hissiyatsızlaşmış və bununla da, zorakılığa öyrəşmiş bir dünyada yaşayırıq. Dünyamızda zorakılıq normal sayılır, ona etiraz etmək isə faydasız, lazımsız, problemli və ya şişirdilmiş reaksiya kimi görülə bilir.

Öldürülmüş qadın və ya kütləvi qırğın kimi zorakı hadisələr barədə oxuyanda ilk reaksiyanız necə olur? Zərərçəkəni günahlandırmağa meyl edirsinizmi? Bunun heç vaxt sizin başınıza gəlməyəcəyinə dair məntiqli bir izah axtarırsınızmı? Özünüzü vəziyyətin çox ağır olmadığına inandırıb həyatınıza davam edirsinizmi? Və ya qorxu, qəzəb və kədər hiss edirsinizmi?

İlk üç cavabı seçdinizsə, tək deyilsiniz. Biz kollektiv olaraq hissiyatsızlaşmış və bununla da, zorakılığa öyrəşmiş bir dünyada yaşayırıq. Dünyamızda zorakılıq normal sayılır, ona etiraz etmək isə faydasız, lazımsız, problemli və ya şişirdilmiş reaksiya kimi görülə bilir. Nəsillərdir zorakı dünyada yaşamaqdan travmalı olduğumuz üçün zorakılığa verilən təbii reaksiyalar olan qəhər, qəzəb və çarəsizlik kimi duyğuları hiss etməkdə çətinlik çəkirik, onlar bizə ağır gəlir. Bəzən zehnimiz bu duyğuların gətirəcəyi stresdən bizi qorumaq üçün çətin hadisələri rasionallaşdırır və beləcə, bizimlə hadisə arasında mənəvi olaraq məsafə yaradır. Bəzi hallarda, biz zərərçəkəni günahlandırırıq ki, şüuraltında bu hadisənin heç vaxt bizim başımıza gəlməyəcəyinə özümüzü inandırıb rahatlayaq. Bəzən, biz ağrını öz gözümüzdə kiçildirik, bununla da zorakılığa bəraət veririk, çünki hər hansı bir davranışın o qədər də bərbad olmadığına özümüzü inandırdıqsa, artıq ona müdaxilə etməyə və ya onu dayandırmağa ehtiyac qalmır.

Təsadüfi deyil ki, hər il kütləvi ölümlərin, qanlı səhnələrin, cinsi təcavüzün və ya məişət zorakılığının normal hal kimi təsvir edildiyi yüzminlərlə film istehsal edilir. Digər tərəfdən, xal toplamaq üçün insan öldürməyi təşviq edən saysız hesabsız video oyunlar yaradılır. Bu oyunlar hər il bir az daha ‘inkişaf edərək’ ölümləri və qanı vizual olaraq real həyata daha da yaxınlaşdırır. Həm bu filmləri, həm də bu oyunları zorakılığa qarşı hissiyatsızlaşmış insanlar yaradır. Onlara milyonlarla insan, o cümlədən bədənləri və zehinləri hələ inkişaf etməkdə olan uşaqlar baxır və bu dünyamızı daha da hissiyatsızlaşdırır.

Zorakını məsuliyyətə çağırmamaq, qurbanı günahlandırmaq, stresdə olan insanlara empatiya və mərhəmət hiss etməmək, və emosional ağrını dəyərsizləşdirmək dissosiasiya olmuş, yəni duyğularından uzaqlaşmış, dərin travmalı bəşəriyyətin simptomlarıdır.

Bəzilərimiz zorakılığın ‘pis’ olduğunu qəbul edirik, lakin heç nəyin heç vaxt dəyişməyəcəyinə inanırıq, çünki ‘insan belədir və hər zaman da belə olacaq’. Bu inancı daşıyanlar bir zamanlar zorakılığa məruz qalıb və ya onun şahidi olub heç nə edə bilməmiş və tamamilə çarəsiz hiss etmiş insanlardır. İndi zorakılığı normallaşdırırlar, çünki heç nə edə bilməmək və vəziyyəti dəyişə bilməmək travmasını daşıyırlar. Beləliklə də, məsuliyyəti zorakıdan alıb zorakılığa məruz qalana qoyurlar.

Biz ‘qızlara təhsil verin ki, məişət zorakılığının qurbanı olmasınlar’ deyirik. Bununla, əslində, zorakılığı norma kimi qəbul edib qadınları buna qarşı ‘silahlandırmağı’ təklif edirik. Bu yanaşma heç bir şəkildə qadınları dəstəkləmir, çünki onlara öz təhlükəsizliklərini təmin etmək məsuliyyəti yükləyir. Halbuki qadınlara edilən zorakılıq dayandırılmalıdır və dünya dəyişməli və qadınlar üçün təhlükəsiz yer olmalıdır.

Zorakını məsuliyyətə çağırmamaq, qurbanı günahlandırmaq, stresdə olan insanlara empatiya və mərhəmət hiss etməmək, və emosional ağrını dəyərsizləşdirmək dissosiasiya olmuş, yəni duyğularından uzaqlaşmış, dərin travmalı bəşəriyyətin simptomlarıdır.

Dilimiz də dissosiasiya ilə doludur.

Məsələn, biz ‘tənbəlliyi’ və ya ‘prokrastinasiyanı (yəni işini son ana saxlamağı)’ şəxsi keyfiyyət adlandırırıq, amma bu davranışlar travmadan qaynaqlana bilər. Yəni, ola bilər ki, insan uşaqlığından və ya nəsillər öncədən daşıdığı travma səbəbilə irəliyə doğru addım atmaqdan qorxur və bu qorxu onun bütün həyatını iflic edir.

Biz asılılığa ‘seçim’ deyirik və asılılığı olan insanlara dəhşətli dərəcədə günah və utanc hissləri yükləyirik, halbuki asılılıq, dağıdıcı olsa da, çox dərin emosional ağrını basdırmaq üçün müdafiə mexanizmi ola bilər. Bu yanaşma asılılığı olan insanların onsuz da çətin həyatlarını daha da çətinləşdirir, onların ehtiyacı isə mərhəmətli, qayğıkeş və travma barədə məlumatlı olan dəstək sistemidir.

Heç bir cəmiyyət öz qaranlıq tərəfinə baxmadan özünü anlaya bilməz

Gabor Mate. ‘Ac Ruhlar Dünyasında: Asılılıqla Yaxından Tanışlıq’ kitabından.

“Heç bir cəmiyyət öz qaranlıq tərəfinə baxmadan özünü anlaya bilməz” deyir Gabor Mate. Kollektiv və fərdi travmalarımızı qəbul edib şəfalanmasaq, dünyada zorakılıqlar davam edəcək. Bədənindən qopmuş insanı alqışlamağı, həssas olan insanı isə cəzalandırmağı dayandırmasaq, travmalar nəsildən-nəslə ötürülməyə davam edəcək. Travmanı dəyərsizləşdirməyi dayandırmasaq, dünya əksəriyyətimiz üçün təhlükəli yer olmağa davam edəcək və biz planetimizdə həyatı məhv etməyə davam edəcəyik.

Şəfalanmalıyıq. Bədənimizi və zehnimizi təbii halına geri qaytarıb bütün duyğularımızı hiss etməyi və həyatda sevgi ilə davranmağı öyrənməliyik. Ən həssas və ən çox dəstəyə ehtiyacı olanlara xidmət edən sistemlər yaratmalıyıq. İyerarxiyaya əsaslanan düşüncə tərzini tərk etməli, rəqabətdən uzaqlaşmalı, əməkdaşlığa və həmrəyliyə dəyər verməliyik. Güvən dolu və inklüziv icmalar qurmalıyıq. Sevgiyə, qayğıya, empatiyaya və mərhəmətə geri qayıtmalıyıq. İnsanlıq olaraq sağ qalmaq istəyiriksə, bu bizim tək şansımızdır.

———————————————

Müəllif: Əfsanə Tahirova

Rəsm: İyerarxiya (2024). Kətan üzərində akril boya. Rəssam: Kafiyə Eyvazova. Rəsmin mənbəyi: VarYox

  1. qarşılıqlıq-asılı münasibət növündə olan insan öz duyğularını, ehtiyaclarını və rifahını başqa insan(lar) üçün daima qurban verir. Bu münasibət növü disfunksionaldır və sağlam şəkildə başqa insanlara dəstək və qayğı göstərməkdən fərqlənir. ↩︎
  2. əks-asılı münasibət növündə olan insan başqa insan(lar)a bağlanmaqdan çəkinir, onlarla yaxın və dərin münasibətdən qaçır, özünün özünə yetdiyini və başqa insan(lar)a bağlanmağa, həmçinin dəstək və qayğı qəbul etməyə ehtiyacı olmadığını hesab edir. Bu münasibət növü disfunksionaldır və sağlam şəkildə müstəqil insan olmaqdan fərqlənir. ↩︎
  3. Travma haqqında oxumaq üçün kitablar:
    The Body Keeps the Score: Brain, Mind, and Body in the Healing of Trauma’, Bessel Van der Kolk
    ‘Healing Collective Trauma: A Process for Integrating Our Intergenerational and Cultural Wounds’, Thomas Hubl
    ‘The Myth of Normal: Trauma, Illness, and Healing in a Toxic Culture’, Gabor Mate ↩︎