Travma üzərində düşüncələr – klinik psixoloqla müsahibə

Klinik psixoloq Rövşən Süleymanovla Seymur Kazımovun müsahibəsi

Psixoloji travma nədir və gündəlik dildə istifadə olunan travmadan nə ilə fərqlənir?

Gündəlik həyatda “travma” sözü bəzən xoşagəlməz hadisələr yaşamağın, xoşagəlməz hisslər keçirməyin əvəzinə işlədilir. Bəzən, “mən kədərliyəm, qorxuram, günahkar hiss edirəm, utanıram, incimişəm, küsmüşəm, çaşbaş qalmışam sözlərinin əvəzinə travmam var”, deyirik. Halbuki, bütün bu emosiyalar insanların təbii təcrübələridir. “Travma” sözündən istifadə etməklə bəzən sağlam insan təcrübələrini anormallaşdırırıq və bu prosesin özü insanın psixoloji sıxıntılarını artırır.

Həyat xoşagəlməz hadisələrlə doludur. Bu xoşagəlməz hadisələrlə bağlı yaşadığımız stress, hiss etdiklərimizin çoxu həmin hadisələri yaşadıqdan sonra keçmişdə qalır. Necə ki, qəbul etdiymiz qidaları adətən rahatca həzm edirik, eynilə də gündəlik həyatımızda üzləşdiyimiz xoşagələz hadisələrin stresini  beynimiz “həzm edir” və həmin hadisə  bizim üçün keçmiş olur və arabir xatırlanır. Lakin bəzən elə qidalar qəbul edirik ki, onları həzm etmək çətin olur, tıxanıb mədəmizdə qalır. Həmçinin elə təcrübələr də olur ki, insanın təhlükəsizlik hissini sarsıdır və orqanizm bu hadisə nəticəsindəki stresi heç cür həzm edə (öhdəsindən gələ) bilmir. Hadisə bitsə də insan hər an nəsə bir fəlakətin olacağı hissi ilə yaşayır. Ağır yemək həzm olunmadığı kimi, ağır (travmatik) hadisə ilə bağlı keçirdiyimiz stress də həzm ola bilmir. Psixoloji travma travmatik hadisə ilə bağlı orqanizmin öhdəsindən gələ bilmədiyi stresin zamanla beynimizi dəyişməsi nəticəsində zehnimizə və bədənimizə vurduğu zədədir.

Qeyd etmək lazımdır ki, travma özünü təkcə fərdi səviyyədə deyil, həm də cəmiyyət səviyyəsində biruzə verir. Çox vaxt keçmişin travmaları ictimai şüurda “ilişib qalır” və onun necə fəaliyyət göstərməsinə, həyatını necə yaşamasına, qanunauyğunluqlarına, həm cəmiyyət daxilində, həm də xaricindəki münasibətlərinə təsir göstərir ki, bunu da kollektiv travma adlandırırıq.

Travma reaksiyaları hansılardır? Travma insanın gündəlik həyatına, münasibətlərinə, özünə, başqalarına və dünyaya baxışına necə təsir etdi?

Beynimizin primitiv- sağ qalmağa cavabdeh hissəsi bizim üçün nəyin təhlükəli, nəyin təhlükəsiz olduğunu seçir. Psixoloji travma alan zaman beynin bu hissəsinin işi pozulur və beynə davamlı olaraq təhlükənin olması ilə bağlı yanlış siqnal verir. Sanki yanğınsöndürmə idarəsinə tez-tez yanğın olması ilə bağlı yalan zənglər gəlir və idarənin maşınlarının “miqalkalar”nı yandırıb siqnal verə-verə əraziyə çıxırlar. Yanğınsöndürmə idarəsinin işi yalan yanğın zənglərinə görə pozulduğu kimi, daimi təhlükə hissi içərisində olan insanın fəaliyyət sferası da pozulur.  İnsan üçün ünsiyyət qurmaq, öz hisslərini tənzimləmək, öyrənmək,  hadisələrə başqa perspektivdən baxmaq xeyli dərəcədə çətinləşir. Şok, inkar, özünə və başqalarına inamın sarsılması, qorxu, çaşqınlıq, diqqət toplamada çətinlik, insanlardan təcrid olmaq, kədər, qəzəb, xəcalət və günahkarlıq hissləri psixoloji travma reaksiyalarına aiddir. Bu reaksiyalar hadisə baş verən zaman və ya hadisənin üstündən müəyyən vaxt keçəndən sonra üzə çıxa bilər.

Hansı hadisələr travmatikdir, bu hadisələrə baxış zamanla necə dəyişib və bir hadisəni insan üçün travmatik edən amillər hansılardır?

Travmatik hadisə insan orqanizmini, təhlükəsizliyini təhdid edən hadisədir. Biri üçün travmatik olan hadisə, başqa biri üçün travmatik olmaya bilər. Bu o deməkdir ki, baş verən hadisənin travmatik olub-olmaması onu yaşayan insanla da bağlıdır. Məsələn, intihara şahidlik edən iki nəfərdən biri üçün bu hadisə travmatik başqa biri üçün isə travmatik olmaya bilər.

Bəs bir hadisəni insan üçün travmatik edən nədir? Burada bir çox risk faktoru var. Hadisə baş verəndə insanın həmin an özünü çarəsiz hiss edib-etməməsi bu risk faktorlarından biridir. Məsələn, bir uşağın üstünə it düşən zaman əgər valideyni, uşağı qucağına alıb, ona indi təhlükəsiz olduğunu hiss etdirərsə, bu xoşagəlməz hadisə uşaq üçün keçmiş olar. Çünki bu zaman uşağın təhlükəsizlik hissi sarsılmaz. Başqa bir faktor, insanın həmin hadisəyə verdiyi məna ilə bağlıdır. Hadisə qarşısında nə qədər hazırlıqlı olması da əhəmiyyətlidir. Həmçinin insanın keçmiş təcrübələri – körpəlik zamanı qayğı göstərən şəxslə arasındakı bağın nə qədər güvənli olub olmaması, başqa travmalarının olması, psixi pozuntuların olması, stresin öhdəsindən gəlmə bacarıqları, yaşı, temperamenti (insanın bioloji fərqliliklərinə görə müəyyən bir düşüncə, hiss, davranış tərzinə meyilli olması) və s. kimi çox sayda faktor təsir edir. Bütün insanların güclü mübarizə üsulları var və insan düzgün yardım alarsa travma insanın böyüməsi və inkişafı üçün təkan ola bilər.  

Bütün insanların güclü mübarizə üsulları var və insan düzgün yardım alarsa travma insanın böyüməsi və inkişafı üçün təkan ola bilər.  

Psixoloji travmanı birbaşa travmatik təcrübəni şəxsin özü yaşamadan da ala bilər.  Bəzi hadisələrə şahidlik etmək insanların çoxu üçün travmatik ola bilər, məsələn, yaxınlarından birinin işgəncəyə məruz qaldığını, öldürüldüyünü görmək və s. kimi hadisələrə şahidlik etmək ikinci dərəcəli travma adlanır.

Psixoloji travma termini əsasən Dünya müharibələri və Vyetnam müharibəsindən sonra  məşhurluq qazanmış termindir. Əgər əvvəllər travmatik hadisələr müharibə, terror, təbii fəlakələr və s. bu kimi gündəlik həyatın bir parçası olmayan hadisələr hesab edilirdisə, bu yanaşma zamanla dəyişdi. ABŞ-da 1950-1960-ci illərdə afro-amerikalılara qarşı irqi ayrı-seçkiliyə son qoymaq, sosial ədalətə çatmaq uğrunda Vətəndaş Hüquqları Hərəkatı və 1980-ci illərin Feminist hərəkatı bizim travmaya baxışımızı dəyişdirdi. Bu hərəkatlar irqi ayrı-seçkiliklərin, xüsusən uşaqlara və qadınlara qarşı olan zorakılıqların, təcavüzlərin gündəlik həyatımızın bir parçası olduğunu göstərməklə psixoloji travma keçirən insanların sayının əvvəllər təxmin etdiyimizdən qat-qat çox olduğunu göstərdi.

 Azərbaycanda da birinci və ikinci Qarabağ müharibəsi bu mövzunu populyarlaşdırdı. Sülh dövründə Azərbaycandakı feministlərin qadınlara qarşı baş verən məişət zorakılıqlarını işıqlandırmaları, həmçinin insanların evlərdə,  məktəb və bağçalarda uşaqlara qarşı zorakılıqlarla bağlı sosial şəbəkələrdə məlumatlar paylaşlması bizim travma mövzusuna həssaslığımızı artırmışdı.

Posttravmatik Stress Pozuntusu nədir və ən təsirli müalicə üsulları hansılardır ?

Psixoloji travmanın olması hələ psixoloji pozuntunun olması demək deyildir. Lakin travma ilə bağlı psixi pozuntular da mövcuddur. Kəskin psixoloji travma insanın öz üzərində nəzarəti olması hissini əlindən alır və insanı qorxu içində saxlayır, çarəsiz, xəcalətli, zəif, günahkar, qəzəbli və çaşqın hiss etdirməklə sanki kölgəyə çevirir. Bəzən travma yaşayan insan özündən və ətrafdan qopur. Öz bədəni, ətrafdakı əşyalar, zaman ona qəribə görsənir. Travma ilə bağlı psixi pozuntulardan biri cəmiyəttdə tez-tez səslənən Posttravmatik Stress Pozuntusudur (PTSP). Posttravmatik Stres Pozuntusu təbii fəlakət, ciddi qəza, müharibə, terrorist hücumu, zoralanma və s. bu kimi travmatik hadisə yaşamış və ya bu cür hadisələrə şahidlik etmiş insanda yaranan psixiatrik pozuntudur.  Qeyd etmək lazımdır ki, əksər insanlar bu sindromu inkişaf etmir. Şəxs bu xatirələrdən, düşüncələrdən, həmçinin həmin hadisəni xatırladan yer, əşya və insanlardan davamlı olaraq yan keçməyə çalışır. İnsanın irdakında və əhvalda mənfi dəyişikliklər baş verir. PTSP-si olan şəxs hadisənin səbəb və nəticələri ilə bağlı gerçəklikdən uzaq düşüncə inanclara qapılır və baş verən hadisəyə görə özünü günahlandırır. Davamlı qorxu, dəhşət, qəzəb, günah və utanc hissi yaşayır, əvvəllər zövq aldığı işlərdən zövq ala bilmir, insanlardan təcrid olur. Hər tıqqıltıdan diksinə, hər səsdən qıcıqlana bilir. İnsan bu vəziyyətlərdə kənardan çox xırda görsənən hadisələrə kəskin reaksiya verir və kəskin travma insan üçün yaşamaq ağır bir yükə çevrilir.

Zaman bütün yaraları sağaltmır, o sadəcə keçib gedir. İnsanın yaxşılaşmasını  zaman keçərkən nələr etməsi müəyyən edir. Bir çox PTSP-si olan şəxslər üçün ən yaxşı müalicə üsulu psixoterapiyadır. Psixoterapiya danışmaqla müalicə etməkdir və onun bir çox növü vardır. PTSP üçün psixoterapiyanın təməli  şəxsin həzm olmayan keçmişini gerçək keçmişə çevirməyə kömək etməkdir.

Bu sahədə ən effektiv psixoterapiyalardan biri Uzun Müddətli Məruz Qalma Terapiyasıdır (PE). PTSP-si olan şəxslər təhlükə olmadıqda belə özlərini tez-tez təhlükədə hiss edirlər. Təhlükəsiz vəziyyətləri (bu insanın zehnindəki düşüncə və təsvirlər də ola bilər, hər hansı bir yer, əşya, insan da) belə təhlükə kimi qavramaq və o vəziyyətlə üzləşən kimi qaçmaq (məs. zehnindki düşüncə və təsvirləri qovmaq, yer, əşya və insanlardan uzaq durmaq) həmin vəziyyətin əslində insan üçün həqiqətən də təhlükəli olub-olmadığını öyrənməyə mane olur və bunun nəticəsində potoloji qorxu davam edir. Uzun Müddətli Məruz Qalma Terapiyası bunu həll etmək üçün PTSP-si olan şəxsi həmin vəziyyətlərdə bir müddət vaxt keçirməyə və mühitin, hadisənin həqiqətən də təhlükəsiz olduğunu öyrənməyə təşviq edir.

Stiqma və travma ilə bağlı yanlış təsəvvürlər insanların müalicə axtarmaq istəyinə necə təsir edir? Ümimiyyətlə travmadan əziyyət çəkən şəxslər üçün keyfiyyətli psixoloji yardım əlçatandırmı? və travma üçün yardım axtaran şəxslərin qarşılaşdıqları ən böyük çətinliklər hansılardır?

Psixoloji travmadan əziyyət çəkən şəxs özünü gücsüz, aciz hiss edə bilər. ‘Kömək et!’ nidası onun “mən acizəm” fikrinin təsdiqi kimi görsənə bilər. Bu səbəblərdən şəxsin kömək üçün müraciət etməsinin qarşısını ala bilər. Xüsusən travmatik hadisə intim xarakter daşıyarsa (məsələn, cinsi təcavüz) utanc hissi yardım almağa çox mane ola bilər.   

Azərbaycanda bu sahədəki ən böyük çətinlik keyfiyyətli psixoloji yardımın insanlar üçün çatımlı olmamasıdır. Müharibənin od-alovundan keçən minlərlə insanın psixoloji travma alması ilə bağlı xeyli yazıldı, danışıldı. Əksəriyyətinin aldığı keyfiyyətli psixoloji yardım yox, “xala xətrin qalmasın” deyə psixoloqla görüşlər oldu. Travması olan şəxslərə formallıq xatirinə psixoloji yardım göstərilmiş, diqqət yardımın keyfiyyətinə deyil, kəmiyyətinə yönəlmişdir. Mina partlayışları nəticəsində xəsarət alan insanlar, müharibədə həlak olan, yaralanan insanlara yardım edən adı-soyadı heç yerdə çəkilməyən müxtəlif peşə sahibləri, kənd sakinləri, durduqları yerdə başlarına bomba tökülən cəbhəyanı olmayan rayonlardakı mülki vətəndaşlarımız, illərlə təmas, cəbhə xəttində və Ermənistan Respublikası ilə sərhəddə yaşayan vətəndaşlarımızın nə zaman keyfiyyətli psixoloji yardım aldılar?

Psixoloji travmadan əziyyət çəkən şəxs özünü gücsüz, aciz hiss edə bilər. ‘Kömək et!’ nidası onun “mən acizəm” fikrinin təsdiqi kimi görsənə bilər. Bu səbəblərdən şəxsin kömək üçün müraciət etməsinin qarşısını ala bilər.

Dövlətin və bu sahədə fəaliyyət göstərən Beynəlxalq Təşkilatların xətti ilə hansısa fəaliyyətlər kimlərinsə həyatına müsbət təsir edə bilər, lakin mətubatda psixoloji yardımla bağlı ara-sıra səsləndirilən iri rəqəmlər harasa ‘quş qoymaq’ və insanların gözlərinə kül üfürməkdir. Travma ilə işləmək müxtəlif yanaşmalar tələb edir. Müşahidələrə əsasən ümumiləşdirib demək olar ki, dövlətin belə bir psixoloji yardımı göstərmək imkanı yoxdur. Əlbəttə on illərlə davam edən müharibənin bu miqyasdakı fəsadlarını aradan qaldırmaq mümkünsüzdür. Bu həmçinin bu sahədəki kadr çatışmamazlığı ilə də bağlıdır. Kadrları yertişdirəcək universitetlərdə bu sahədə təhsil proqramları, ədəbiyyatlar köhnədir. Universitetlər əsasən kritik düşüncəyə sahib psixoloqlar yetişdirmək əvəzinə əzbərçi, müəllimlərdən ‘mütləq həqiqətlər’i mənimsəyən psixoloqlar yetişdirirlər. Azərbaycanın bu sahədə keyfiyyətli kadrlar hazırlamaq üçün uzun bir yol getməlidir. Hələ ki, Azərbaycan Respublikasının Psixi Sağlamlıq Sahəsində Milli Strategiyası (2011-2015) yenilənməyib. Bu o deməkdir ki, bu sahədə gedəcəyimiz istiqamət məlum deyil. Bunun üçün dünyadakı təcrübələri öyrənmək, bu sahədəki təhsil proqramlarını, icma səviyyələrində iş qurmaq təcrübələrini ölkəyə gətirmək və həmçinin kəmiyyətə deyil, keyfiyyətə yönəlmək vacibdir. Təcrübə göstərir ki, yalnız bu yanaşma kəmiyyət göstəricilərin yaxşılaşdırır. 

Klinik psixoloq Rövşən Süleymanovla Seymur Kazımovun müsahibəsi

Photo: Larissa Sotieva

This interview is part of Indie Peace’s initiative on Collective Trauma, supported by the UK Government. The views expressed in the interview are the sole responsibility of Indie Peace and do not necessarily reflect the views of the UK government.